Emosionallıqdan istifadə edərək səssiz dillə mübarizə aparanlar

Şeytanın insanları, hiyləgərcəsinə Quran əxlaqından uzaqlaşdırmaq üçün istifadə etdiyi davranış pozuntularından biri də; “emosionallıq”dır. Emosional düşünməyə başlayan bir insan ağılla düşünməkdən uzaqlaşar, doğru və məqsədəuyğun düşünə bilmə qabiliyyətini itirər. Quranı meyar qəbul etməklə deyil, duyğularını meyar qəbul etməklə hərəkət etməyə başlayar. Xüsusən də kin, qəzəb, qısqanclıq, eqoizm və ya qürur kimi pis xüsusiyyətlərlə dolu olan nəfsin təhrikləri, bu ruh halını yaşayan insanları yönləndirən əsas qüvvəyə çevrilər. Bu mərhələdən sonra isə şeytanın işi olduqca asanlaşmış olar. Bu insanı istədiyi kimi təsiri altına alıb yönləndirə biləcək.
Həqiqətən də emosionallığı həyat tərzi kimi yaşamağa başlayan insanlar, böyük təhlükəyə doğru sürüklənərlər. Tezliklə xilas olmaları lazım olan emosionallıq, din əxlaqını lazımınca yaşamalarına maneə törədəcək, Allahın razı olacağı rəftarlardan uzaqlaşmalarına səbəb olacaq.
Şeytanın təsiri ilə belə ruh halı içərisinə girən insanlar bir müddət sonra emosionallıqdan səssiz dil kimi istifadə etməyə başlayarlar. Allah bir ayədə; "...şeytan, onların etdikləri əməlləri bəzəyib cəlbedici etdi və onları haqq yoldan çıxartdı. Halbuki onlar görə bilən insanlar idilər" (Ənkəbut surəsi 38) deyə buyurur. Ayədə şüurları açıq, ağıllı düşünə bilən, pisliklərdən çəkinə bilən insanlar olduqları halda, Quran əxlaqı əvəzinə şeytanın üsullarıyla hərəkət edən insanların doğru yoldan azacağı bildirilmişdir.
Həmin bu insanlar emosionallıqdan ətraflarındakı insanlara qarşı fürsət kimi istifadə edərlər. Çətin vəziyyətdə qaldıqları məqamlarda insanları öz anlayışlarına görə səmimi, xoşniyyətli və günahsız olduqlarına inandıra bilməyin ən yaxşı yolunun emosionallığa müraciət etmək olduğunu düşünərlər. Eynilə bu rəftarı kin, qəzəb, qısqanclıq kimi içlərində gizlətdikləri pislikləri kənara əks etdirməyin, inad edərək istədiklərini əldə etməyin, ehtiraslarını, zəif nöqtələrini gizlətməyə çalışmağın da bir yolu hesab edərlər. Şeytanın təlqinləri nəticəsində bu xarakterə bürünərək ətraflarındakı insanlara çox təfsilatlı mesajlar verə bilərlər.
Lakin emosionallıq deyildikdə ağla təkcə bilinən bəzi müəyyən rəftarlar gəlməməlidir. Şeytan, təsiri altına aldığı insanlara bu əxlaqında bütün çirkli zənginliklərini öyrədər. Sonrakı sətirlərdə emosionallıqdan gizli dil kimi istifadə edən insanların, hiyləgər üsullarına və bunlarla vermək istədikləri mesajlara toxunacaq, şeytanın bu insanlar üzərindəki oyununun üstünü açacağıq.

 

 

Ağlayaraq özlərini acındırmağa və günahsız göstərməyə çalışmaları

Emosionallığın ən məlum yönlərindən biri, şübhəsiz ki, ağlamaqdır. Şeytanın verdiyi təlqinlərlə emosional davranan insanlar, bu vəziyyətlərindən qarşılarındakı insanlara təsir edərək istədiklərini əldə edə bilmək üçün bir fürsət kimi istifadə etməyi qarşılarına məqsəd qoyarlar. Onları belə düşüncəyə sövq edən ən mühüm səbəblərdən biri isə, bunun cahil insanlar arasında təsirli üsul olduğuna həyatları boyu bir çox dəfə şahid olmuş olmalarıdır. Quran əxlaqından uzaq yaşayan və həyatlarını bəzi cahil qaydalar əsasında yönləndirən bəzi insanlar ağlamağın, günahsızlığın mühüm dəlili olduğunu düşünərlər. Öz aləmlərində ağlayaraq, doğrunu söylədiklərini, lakin bu vəziyyəti qarşısındakılara sübut edə bilmədikləri üçün, haqsızlığa uğradıqlarını, böyük çarəsizlik və kədər yaşadıqlarını sübut etmiş olacaqlarını düşünərlər. Bu azğın inanclarına əsaslanaraq üzləriylə mümkün qədər günahsız olduqlarını vurğulayaraq qarşı tərəfdə acıma hissi oyatmağa çalışarlar.
Uşaqlıq illərindən etibarən ətrafında bu üsulun nə qədər çox sınanıldığını və bu cür insanlar arasında nə qədər təsirli olduğunu görən insanlar, şeytanın təsiriylə səmimiyyətsizliklərini gizlətmək üçün eyni üsula sarılarlar. Gözyaşından silah kimi istifadə etdikləri zaman, insanları səmimi, xoşniyyətli və dürüst olduqlarına inandıra biləcəklərini; şeytanla etdikləri əməkdaşlığı onlardan gizlədə biləcəklərini düşünərlər. Xüsusən də özlərinə daha gözəl əxlaqlı olmaları üçün xatırlatma edilmiş və onlar da nəfslərinə tabe olub bu mövzuda iradə göstərməmişdirlərsə, dərhal emosionallığın ardına sığınar və bu yolla özlərini təmizə çıxartmağa çalışarlar. Öz aləmlərində qarşılarındakı insanların göz yaşlarını gördükləri zaman, özlərinə acıma hissi dolu şəfqət duyacaqlarına inanarlar. Bu insanların bütün səmimiyyətləriylə əllərindən gələn hər şeyi etdiklərinə, lakin güclərinin bu qədərinə çatdığına qənaət gətirəcəklərini düşünərlər. Bu inanclarına görə, dilləriylə söyləyə bilməyib, nəticə ala bilmədikləri xüsuslarda, gözlərindən axan bir neçə damla su məsələni həll etmiş olacaq və qarşı tərəf tam razı salınmış olacaq.
Lakin cahil baxış prizmasıyla hərəkət edən insanlar arasında qəbul edilən bu yanlış üsul, iman gətirənlər tərəfindən qətiyyən məqbul qarşılanmaz. Belə şeytani üsulla ortaya çıxan insanların günahsızlıqlarına və xoşniyyətlərinə möminlərin qənaət gətirmələri qeyri-mümkündür. Çünki iman gətirənlərin meyarları Quran əxlaqıdır. Quranda bir insanın səmimiyyətinə və xoşniyyətinə dəlil ola biləcəyi bildirilən xüsusiyyətlər çox fərqlidir. Səmimi bir insanın üz ifadəsi, baxışları, səs tonu, ağıllı və vicdanlı danışıqları, Quran əxlaqına dəqiqliklə tabe olması, bu insanın Allahdan qorxan bir insan olduğunun açıq şəkildə başa düşülməsinə səbəb olar.
Bu əxlaqa sahib bir insanın dürüstlüyünü, xoşniyyətini sübut edə bilmək üçün xüsusi səy göstərməsinə və xüsusi üsullar işlətməsinə ehtiyacı yoxdur. İman gətirənlər Allahın özlərinə vermiş olduğu iti ağıl, anlayış və vicdan həssaslığı sayəsində, bu insanı asanlıqla diaqnoz edə bilərlər. Buna görə də, emosionallıqdan və bunun mühüm səmimiyyətsizliklərindən biri olan ağlamaqdan, iman gətirənlərə qarşı istifadə etmək boş səydən kənara çıxa bilməz. Tam əksinə, Allah Quranda ağlamağın, qəlblərində xəstəlik və zəiflik olan münafiq xarakterli insanların bir xüsusiyyəti olduğuna işarə etmişdir.
Quranda hz. Yusifin qardaşlarının qurduqları məkrli planı, ağlama üsulu ilə ört-basdır etməyə çalışdıqlarından bəhs edilmişdir. Atalarının hz. Yusifə olan sevgisini qısqanan qardaşları bir yerə toplanaraq, öldürmək məqsədiylə onu bir quyunun dibinə buraxmağı qərara almışlar. Bu planı qurduqdan sonra ən günahsız hallarına bürünərək atalarının yanına getmişlər. "Sən onu sabah bizimlə göndər, doyunca gəzsin, oynasın. Əlbəttə ki, biz onu qoruyub himayə edərik" (Yusif surəsi, 12) deyərək, qardaşlarının yaxşılığını istədikləri və istənilən halda himayə edəcəkləri məsələsində atalarına zəmanət verməyə çalışmışlar. İcazə alıb hz. Yusifi bir quyunun dibinə buraxdıqdan sonra isə atalarının yanına, əllərində süni şəkildə qan yaxdıqları hz. Yusifə məxsus bir köynəklə və ağlayaraq gəlmişlər. Bir tərəfdən ağlayıb, digər tərəfdən də tamamilə yalanlardan ibarət olan bir hekayə uyduraraq atalarını günahsız olduqlarına inandırmağa çalışmışlar:

"Axşamüstü atalarının yanına ağlayan vəziyyətdə gəldilər. Dedilər: "ey atamız! Həqiqət budur ki, biz getdik, yarışırdıq. Yusifi də yeməklərimizin (və ya əşyamızın) yanında qoymuşduq. Lakin onu canavar yeyib. Onsuz da, biz doğrunu söyləsək də, sən bizə inanan deyilsən. Eləcə də, üzərinə yalandan qan (yaxılmış) olan köynəyini gətirdilər..." (Yusif surəsi, 16-18)

Hz. Yusifin qardaşları özlərini günahsız göstərəcək ən yaxşı rəftarın ağlamaq olduğunu düşünərək birlikdə ağlama təqlidi etmişlər. Göründüyü kimi ağlayaraq günahsız görünməyə çalışmaq, insanların mənfəətlərinə nail olmaq, yalanlarını ört-basdır etmək üçün işlətdikləri məlum saxtakarlıq üsuludur. Dövrümüzdən yüzlərlə il əvvəl olduğu kimi bu gün də eyni xəstəlikli məntiqlə, planlı şəkildə işlədilən şeytani bir üsuldur.
İman gətirənlər arasında belə bir üsulun müvəffəqiyyət qazanması heç vaxt mümkün olmaz. Müsəlmanlar təkcə Allaha tam təvəkkül edən, hər hadisənin Allahın təyin etdiyi tale əsasında baş verdiyini bilən, Allaha itaətkar olan insanlara qarşı həqiqi mənada mərhəmət bəsləyərlər. Allah qorxusundan ötrü gücləri çatdığı qədər gözəl əxlaqlı olmaq üçün səy göstərən insanlara qarşı həqiqi sevgi bəsləyər və bu insanların sözlərinə güvənərlər.

 

 

Allah qorxusundan ötrü ağladıqlarını iddia etmələri

Quranda təkcə Allah qorxusundan ötrü ağlamağın rəhmani rəftar olduğu bildirilmişdir. Allah; "...Onlara Rəhman (olan Allah)ın ayələri oxunduğu zaman, ağlayaraq səcdəyə qapanarlar" (Məryəm surəsi, 58) ayəsiylə peyğəmbərlərin üstün əxlaqından və imani dərinliklərindən təriflə bəhs etmişdir. Allah digər bir ayədə, imana təslim olmalarından ötrü gözləri yaşla dolan insanların əxlaqını belə xəbər verir:

Elçiyə nazil ediləni dinlədikləri zaman, haqqı bildiklərindən ötrü gözlərinin yaşla dolduğunu görərsən... (Maidə surəsi, 83)

Əvvəlki sətirlərdə qeyd edildiyi kimi, emosionallığın və bundan qaynaqlanan ağlamalı rəftarın isə Quran əxlaqında qətiyyən yeri yoxdur. Şeytani xülyaların özlərinə verdiyi bədbin ruh halının təsiriylə emosional vəziyyət alan bu insanlar, ağlamaqdan çox vaxt bu səmimiyyətsizliklərini ört-basdır etmək üçün istifadə edərlər. Özlərinə bu rəftarlarının yanlışlığı və Quran əxlaqına qətiyyən uyğun gəlmədiyi xatırladıldığı zaman isə, bundan dərhal imtina edib müsəlmana yaraşan rəftar göstərmək əvəzinə ümumiyyətlə həlli digər bir səmimiyyətsizlikdə axtararlar. Doğrunu görmələrini və Quran əxlaqına uyğun hərəkət etmələrini istəməyən şeytan onlara yenə sübut edilməsinin mümkün olmadığını düşündüyü "qəlblərini" dəlil göstərmələrini ilham edər.
Bu insanlara ağlamağın müsəlmana yaraşan rəftar olmadığı xatırladıldığı zaman, bəzən onlar da; "əslində çox fərqli bir səbəbdən ötrü ağladıqlarını, lakin bunu ifadə etmələrinin düzgün olmayacağını" söyləyərək üstüörtülü şəkildə özlərini təmizə çıxartmağa çalışa bilərlər. Sanki səmimiyyətlərindən və ixlaslarından ötrü, ağlamalarının səbəbini heç söyləmək istəmirlərmiş kimi təəssürat verməyə çalışarlar. Özlərinə bir müddət israr edildikdən sonra isə əslində; "Allah qorxusundan ötrü ağladıqlarını" söyləyərlər. Yanlış rəftar göstərdiklərini gördükləri və bu rəftarlarının axirətdə böyük əzabla qarşılıq tapa biləcəyini düşündükləri üçün peşmanlıqlarından ötrü ağladıqlarını iddia edərlər.
Halbuki bu söylədiklərinin doğru olmadığını, səmimiyyətsizliklərini gizlətmək üçün yalan söylədiklərini özləri də bilirlər. Şeytani məntiqlə, etdikləri saxtakar çıxarışlarla pis əxlaqlarını Quran ayələrinə əsaslandıraraq qanuniləşdirməyə çalışarlar. Lakin bütün tələlər kimi bu da puç olur. Çünki şeytanın və ona tabe olanların bütün bu hiyləli sözləri söyləyərkən görməzlikdən gəldikləri mühüm bir həqiqət var: həqiqətən Allahdan içi titrəyərək qorxan bir insanın xüsusiyyəti, bu qorxunun gücü ilə yanlış rəftarından dərhal imtina etməsidir. Bir tərəfdən ağlayıb, digər tərəfdən də səmimiyyətsizliklərinə var gücüylə davam etməsi, bu insanın Allah qorxusundan ağlamadığını və dürüst rəftar göstərmədiyini dərhal ortaya çıxardar. Allah Quranda həqiqi Allah qorxusunda insanların necə əzmkarlıq və qətiyyət içərisində olacaqlarını belə bir nümunə ilə bildirmişdir:
Fironun xidməti altındakı sehrbazlar onun bütün işgəncələrinə, təhdidlərinə baxmayaraq, hz. Musanın təbliğinə tabe olmuş və Allah qorxusundan ötrü dözülməz işgəncələr içərisində ölməyi gözə alaraq dərhal iman gətirmişlər. Quranda bu insanların qətiyyətli rəftarları belə xəbər verilmişdir:

Dedilər: "Bizə gələn açıq-aydın dəlillər və bizi Yaradan qarşısında səni əsla “seçmərik”. Harada hökmünü yeridə biləcəksənsə, dayanmadan hökmünü yerit; sən, təkcə bu dünyada hökmünü yeridə bilərsən". (Taha surəsi, 72)

Onların bu əxlaqı, həqiqi Allah qorxusunda insanın yanlış bir rəftarı necə dərhal tərk edib doğruya təslim olacağını açıq şəkildə göstərir. Dolayısilə şeytanın təsiriylə səmimiyyətsiz üsula əl atan insanların da əsil etmələri lazım olan, bunu yenə səmimiyyətsiz yalanlarla qanuniləşdirməyə çalışmaq deyil, Allahın bağışlayıcılığına sığınıb, Onun razı olacağı əxlaqı göstərməyə çalışmaq olmalıdır.

 

 

Emosionallığın ağlamadan əvvəlki mərhələlərində işlədilən səssiz dil

Şeytanın təlqinləriylə emosionallıqdan səmimiyyətsiz dil kimi istifadə edən insanlar, ağlama hərəkətinə keçə bilmək üçün, əvvəlcə ruh hallarını bu hərəkətə uyğun vəziyyətə gətirməlidirlər. Öz şeytani məntiqlərinə görə; “...bunun üçün elə bir hazırlıq görməlidirlər ki, yanlarındakı insanlar bu əlamətləri görə bilməli və bunlara əsaslanaraq qarşı tərəfin vermək istədiyi mesajları başa düşə bilməlidirlər. Lakin bu hərəkətlər də ən azı ağlama hərəkəti qədər təsirli olmalı, mühitdə ciddi gərginlik yaratmalı, insanın həqiqətən haqlı çıxmaq üçün hər şeyi gözə aldığını yaxşı ifadə edə bilməlidir..." Əlbəttə ki, bu düşüncə, həmin bu insanların irəli sürdükləri səmimiyyətsiz məntiqlərdən yalnız biridir. İstifadə etdikləri üsullar, səssiz dillə verməyə çalışdıqları mesajlar, içərisində olduqları vəziyyətin şərtlərinə görə dəyişə bilər.
"müdafiə üsulları" və "cavab formaları" olaraq iki ayrı başlıq altında belə sadalaya bilərik:

 

 

Müdafiə üsulları

Bu insanların özlərini maraqlandıran və ya nəfslərinə toxunan mövzulardakı yanaşma tərzləri ümumiyyətlə qarşı tərəfi ittihamedici xüsusiyyətdədir. Emosional ruh halına girə bilmələri və sonra da istədikləri kimi ağlaya bilmələri üçün, qarşı tərəfin səhvə yol verdiyinə özlərini inandıra bilməlidirlər. Bunun üçün saxta dəlillər meydana gətirə bilmək və özlərinə bunların həqiqət olduğunu təlqin edərək bu yöndə güclü qənaət əldə edə bilmək istəyərlər. Şeytanın köməyi ilə qarşılarına çıxan hər fürsətdə bu axtarışlarını hiyləgərcə vurğulayacaq danışıqlar edərək nəfslərini bu istiqamətdə gücləndirərlər.
Bunun tam əksinə özlərini haqlı olduqlarına inandıra biləcəkləri dəlillərə də ehtiyac duyarlar. Bu yöndə özlərini nə qədər inandırmağı bacarsalar, emosionallığı bir o qədər həqiqi şəkildə yaşaya biləcəklər, dolayısilə öz aləmlərində bu oyunun ətraflarındakı insanlar üzərindəki təsiri və inandırıcılığı da öz ağıllarınca o qədər artacaq.
Göstərdikləri davranış pozuntularında inadkar qətiyyət göstərərək, qarşı tərəfi geri addım atdırmağa çalışarlar. Bununla qarşılarına məqsəd qoyduqları da, ümumiyyətlə yenə özlərini ağlaya biləcək ruh halına hazırlaya bilməkdir. Əvvəlcə çox inadkar rəftar göstərəcək, deyilənləri anlamazlıqdan gələcək, sonra da haqsız yerə üzərlərinə gəlindiyini iddia edərək özlərinə ağlaya biləcəkləri bəhanə yarada biləcəklər.
Deyilənləri xüsusilə anlaya bilmirmiş kimi edərək, təkrar-təkrar dedirtdirəcək, bir-birindən fərqli izahlar və həllər istəyəcək, sonra da məsələnin həllinin çox çətin və mürəkkəb olduğunu irəli sürərək özlərinə acımağa başlaya biləcəklər.
Danışa bilməmə təqlidi edərək, əvvəli axırı bir-birini tutmayan, nə deyilmək istənildiyi aydın olmayan, məntiqsiz cümlələr quracaq, daha sonra da bu ürək ağrıdan hallarından ötrü kədərlənib ağlaya biləcəklər. Cümlələr o qədər uzun və mənasızdır ki, qarşı tərəfdəki insanlar cümlə sona çatdıqda əvvəlini unudarlar. Hikmətsizliyindən narahatlıq duyarlar. "Ya da", "yəni", "amma", "çünki", "məsələn" və bunlar kimi daha bir çox bağlayıcının ardıcıl işlədildiyi və heç cür bitməyən cümlələrin tezliklə nəticələnməsini gözləyərlər.
Bəzən başa salmaq çətinliyi çəkən insanlarda olduğu kimi, sözlər və cümlələr ağızdan qırıq-qırıq çıxardılar. Əslində isə bu qarşı tərəfə; "bu vəziyyətdən o qədər mütəəssir olub ki, deyəcəyi sözləri səhv salır, düzgün danışa bilmir..." dedirtmək və insanın özünə acıya bilməsini təmin etmək üçün işlədilən müdafiə formasıdır.
Nəfslərini müdafiə edə bilmək üçün işlətdikləri üslub, sanki necə danışılacağını, necə gözəl cavab veriləcəyini bilməyən cahil bir insanınkı kimidir. Nə qədər mədəni və yüksək təhsil almış olsalar da, özlərinə toxunan ən kiçik bir məsələ olduqda asanlıqla sadə üsullara müraciət edərək əsilzadəlikdən uzaqlaşa bilərlər.


 

Cavab formaları

Verilən cavablar ümumiyyətlə verilən sualın cavabı olmaz. Bunun səbəbi də yenə qarşı tərəfin narahat və mənfi rəftar içərisində olduğunun anlaşıla bilməsidir. Həmçinin dəqiq və açıq cavablar vermək, bu insanların səmimi olmalarını tələb edəcək, onları bu emosional və sirrli auradan uzaqlaşdıracaq. Əldə etməyə çalışdıqları bu görünüşü zədələməmək üçün səmimiyyətsiz ruh hallarına uyğun, ötəri cavablar verərlər.
Özlərinə verilən suallara verdikləri cavablarda işlətdikləri digər gizli üsul da bəzən tamamilə eşitməmiş kimi heç cavab verməmələri, bəzən də xüsusi mimikalarla bu cavabı mümkün qədər gecikdirmələridir. Bu da istədikləri melanxolik, problemli və içinə qapanmış ruh halını əldə edə bilmələrinə və ya qoruya bilmələrinə istiqamətli tədbirlərdən biridir.
Hərdənbir hiyləgərcə araya gizlənmiş şəkildə tərs və davakar üslubdan istifadə edərlər. Bu da yenə ağlayıb, davranışlarını qanuni göstərə biləcəkləri bir mühit yarada bilmək üçün tətbiq etdikləri xüsusi üsullardan biridir. Bu yolla həm qarşı tərəfə gərgin ruh halı içərisində olduqlarını hiss etdirə biləcək, həm də özlərini haqsızlığa uğrama psixologiyasına daxil edib bir müddət sonra üzərlərində yaranan həssaslıq nəticəsində da ağlamağı bacara biləcəklər.
Verdikləri cavablarda qarşı tərəfə bəslədikləri sevgilərini və hörmətlərini gizlətməyə, hətta sanki tam əks baxış prizmasına sahiblərmiş kimi görünüş formalaşdırmağa diqqət yetirərlər. Çünki əgər sevgilərini və hörmətlərini göstərsələr, dostcasına bir mühit yaranacaq, emosional vəziyyətə gələ biləcəkləri bir bəhanə tapa bilməyəcək və ağlamağa güc yetirə bilməyəcəklər.

 

 

Gizlicə kədərlənmələri və içinə qapalı şəxsiyyət göstərmələri

Heç bir insan canını yandıracaq, kədərlənməsinə səbəb olub ruhunu bədbinləşdirəcək bir mühit içində olmağı istəməz. Lakin şeytan, zəif xarakterli insanlara nəfslərinin zəif xüsuslarından yanaşar. Təlqinini, insan nəfsinin ən xəstəlikli yönlərindən biri olan haqsızlığa uğrama psixologiyası üzərindən edər. Bütün məntiqini bu fikir üzərində qurar və öncədən verdiyi əsassız, lakin inandırıcı nümunələrlə insanı gərgin və emosional ruh halına sürükləyər. Verdiyi bütün dəlillər şeytani bir şərhin, həmişə mənfi düşünən beynin məhsullarıdır. Lakin şeytan üzərini qabıq kimi elə bürüyər ki, artıq bu insan onun hər pıçıltısından təsirlənməyə başlayar. Şeytanın verdiyi fikirlərlə öz haqqını qoruya biləcəyinə inanar. Hamısını olduqca məntiqli hesab edər. Quranın bir ayəsində şeytanın zəif xarakterli insanlara təsir etmə üsulu belə bildirilir:

"Biz onlara bəzi yaxın kəsləri, “qabıq kimi üstlərinə bağlatdıq”, onlar da, önlərində və arxalarında olanları özlərinə gözəl göstərdilər..." (Fussilət surəsi, 25)

Bu mərhələyə gəlmiş bir insanın artıq ağlamaqdan, içinə qapalı ruh halına girməkdən çəkinməsi də qalmaz. Ağlamağın verəcəyi melanxolik, əsrarəngiz, anlaşıla bilməz insan təəssüratı olduqca cəlbedici gəlməyə başlayar. Sağlam ağla sahib bir insanın şiddətlə çəkinəcəyi bu ruh halı, şeytani düşüncələrin təsir etdiyi bu insana, diqqət çəkmək baxımından da çox cəlbedici gəlməyə başlayar. Həmçinin belə bir insanın dəyişməsi üçün üzərinə düşülməsi, maraqlanılması lazım olacaq. Başa düşülməsini təmin etmək, nə üçün belə davrandığını anlamaq üçün digər insanlardan daha çox diqqət və maraq göstərilməsi lazım olacaq. Maraqlanılan insan olmaq nəfsini məmnun edəcək, o da bu vəziyyətin daha uzun davam etməsi üçün oyununa davam edəcək.
Halbuki bu vəziyyət tamamilə şeytanın təşviqi ilə, içinə düşülən ürküdücü vəziyyətdir. Çünki sağlam düşünən heç bir insan öz azad iradəsi ilə belə ruh halını yaşamağı seçməz. Allah ayəsində iman gətirib Quran hökmlərinə tabe olanlar üçün qorxu və kədər olmayacağını bildirir:

"Dedik: "Hamınız oradan enin. Bundan sonra sizə Mənim tərəfimdən hidayət gəldikdə, kim Mənim hidayətimə tabe olsa, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər". (Bəqərə surəsi, 38)

 

 

 

Şeytanın təsiri altındakı insanların gizli ağlama üsulları

Emosionallığı insanlara mühüm səmimiyyətsizlik vasitəsi kimi işlətməyi öyrədən şeytan, onlara bu məsələnin bütün incəliklərini və gizli üsullarını da göstərər. Başda da ifadə etdiyimiz kimi, emosionallığın kənara əks etdirildiyi çox müxtəlif davranış pozuntuları var. Ağlamaq, bunlar arasında ən açıq şəkildə tətbiq olunan və ən yaxşı bilinənlərindən biridir. Lakin bundan savayı şeytanın insanlara öyrətdiyi bəzi gizli ağlama və acındırma üsulları da var. Yaşadıqları bu neqativ ruh halından, ətraflarındakı insanlara qarşı bəzi mesajlar verə bilmək üçün istifadə edən insanlar əllərindəki bu şeytani imkanları qiymətləndirərkən olduqca diqqətli davranarlar. Bu səmimiyyətsiz üsulların hər biri bu insanlara görə ayrı təsir gücünə malikdir. Bu fürsətlərin hamısından bir anda itsifadə edib qurtarmaq istəməz, şeytanın hiyləgər planları əsasında hədəflərinə istiqamətli şəkildə ən yaxşı şəkildə istifadə etmək istəyərlər. Buna görə də, ağlamağı ən son fürsətləri kimi görər və ağlamadan əvvəl formalaşan digər mərhələlərdən tək-tək əks-hücum kimi istifadə edərlər.
Bu hücumların başında da; "səs titrəməsi və müxtəlif ağlama mimikaları" gələr. Səsini titrədən bir insan əslində qarşı tərəfə təhlükənin yaxınlaşdığını şeytanın səssiz diliylə hiyləgərcə xəbər verir. Bir neçə söz daha deyildiyi təqdirdə ağlama səsinə çevriləcək titrək səs tonu, aşağı doğru büzülmüş, idarəli şəkildə titrədilən dodaqlarla bu ilk mərhələ müvəffəqiyyətlə icra edilir. Bütün bunlar nəticəsində əgər geri addım atılmasa, haqlı olduqları qəbul edilməsə, qısa müddət sonra ağlama hərəkətinin icra ediləcəyi izah edilir. İnsanın bununla qarşıya məqsəd qoyduğu; “bu vəziyyətə meydan verməmək üçün həmin anda istədiyi hər şeyin edilməsi, nəfsinin şərəfləndirilərək özünün çox haqlı, qarşı tərəfinsə tamamilə haqsız olduğunun ifadə edilməsini təmin etməkdir. Öz şeytani məntiqinə görə; ona qarşı böyük haqsızlıq edildiyinin, haqqının tapdalandığının qaneedici nümunələr əsasında ona sübut edilməsi vacibdir. Onu əslində inanılmasa da tərifləmək, nə qədər günahsız və yaxşı insan olduğunu bu hərəkətiylə daha da yaxşı sübut etdiyini ifadə etmək lazımdır. Təkcə bu təqdirdə bu hərəkətin uzanmadan qarşısı alınacaq”.
Halbuki iman gətirən bir insan, bütün bunların, çox sadə düşünən, Allahın hər şeydən xəbərdar olduğunu unudan bir insanın hiyləgər bir oyunu olduğunu dərhal anlayar. Ona, nəfsinin çox pis bir oyun içində olduğunu və özünü alçaltmaq istədiyini xatırladar. Hərəkətinə, hələ ən başından mane olmaq üçün onun şüurunu açan sözlər söyləyər, Quran ayələrini xatırladaraq onu xəbərdar edər. Nə üçün ağlamağa başladığını soruşaraq, səbəbindəki səmimiyyətsizliyi onun öz ağzından eşitməsini təmin edər. Bu hərəkətin nəinki onu günahsız göstərmədiyini, əksinə çox alçaldıcı görünüş formalaşdırdığını, ağlama hərəkətinin təvəkkülsüz insanların zəifliyi olduğunu xatırladar. Buna baxmayaraq, hərəkətindən imtina etməyən bir insan isə bütün bunları bilərək, pis bir işə davam etməklə Allah qatında məsuliyyət yüklənmiş olar.
Səsini titrədərək və müxtəlif ağız mimikaları edərək istədiyini əldə edə bilməyən bir insan əlindəki ikinci fürsətdən istifadə etməyə başlayar. Bu isə ağlamağa bir az daha yaxın bir görünüş ortaya çıxardar. Bu mərhələdə artıq gözdən də istifadə edilməyə başlanar. Gözə ağlamadan əvvəl yaranan yaş və mənasız baxış hakim edilər. Dalğın baxışlarla qarşıdakı insanların gözləriylə əlaqə yaradılaraq onlara daha dərindən təsir etmək üçün səy göstərilər. Səs isə artıq tam tormozlanmışdır. Ətrafındakılara son mərhələyə çox yaxınlaşıldığını ifadə etmək üçün suallar kəsik-kəsik, mənasız və titrək sözlərlə cavablandırılır; çarəsizlik mümkün qədər vurğulanmağa çalışılır. İnsan heç güzəştə getmədən özünə acınmasını gözləyir və şeytani mərhəmət axtarışı ilə bu oyunu davam etdirir. Emosional baxışları və kəsik cümlələri fəaliyyətə keçirərək hərəkətini daha da şiddətləndirir. Səs çox zəif çıxır, ifadələr mümkün qədər aciz, zavallılığını vurğulayacaq şəkildə seçilir.
Halbuki müsəlmanın həyatında heç vaxt aciz qalmağı özünə yaraşdıracağı, çarəsizliyi qəbul edəcəyi bir an olmaz. İstənilən şərtdə gücünü və etibarını Allahdan alan, olduqca ağıllı, çıxış yolu gətirən xarakter nümayiş etdirər. Qarşısına çıxan heç bir maneə və ya özündən gözlənilən heç bir şey, onda ruh düşkünlüyü yaratmaz. Allahın hər hadisəni mütləq həlli ilə birlikdə yaratdığını bilərək imanın özünə qazandırdığı güclü xarakterə uyğun rəftar göstərər. Quranda; "tənbəllik etməyin və kədərlənməyin əgər (həqiqətən) iman gətirmisinizsə ən üstün olan sizsiniz" (Ali İmran surəsi, 139) ayəsiylə bildirildiyi kimi, Allaha təvəkkül edən bir insanın Rəbbimizin icazəsi ilə hər işin üstəsindən gələ biləcəyini bilər.
Səmimi imanın insana qazandıracağı bu mənəvi gücdən məhrum olan insanlar isə iradəsizlikləri içərisində tərəddüd edərlər. Diqqətlərini yönəltdikləri və iradə göstərdikləri mövzular yalnız səmimiyyətsiz hədəflərindən ibarətdir. Bu məqsədlə işlətdikləri gizli ağlama üsullarıyla (səs titrətmək və ağız mimikalarından istifadə etmək) verdikləri hiyləgər mesajların istədikləri şəkildə təsir göstərmədiyini gördükləri zaman, öz yanlış inanclarına görə ediləcək tək şey qalmışdır: "ağlamaq".

Əgər Biz istəsəydik, onu bununla ucaldardıq. Lakin o yerə meyl etdi (və ya yerə batdı), nəfsinə uydu. Onun vəziyyəti, üstünə getsən dilini çıxardıb ləhləyən, təkbaşına qoysan dilini çıxardıb ləhləyən itin vəziyyəti kimidir. Məhz ayələrimizi yalan sayan cəmiyyətin vəziyyəti belədir. Artıq həqiqi xəbəri onlara çatdır ki, düşünsünlər. (Əraf surəsi, 176)

Şeytanı özlərinə dost tutan insanlar barədə bura qədər deyilənlərin göstərdiyi çox aydın bir həqiqət var: bu insanlar ağlamaqla hiyləgər hərəkət göstərirlər. Bunun ən mühüm dəlillərindən biri bu insanların istədikləri anda, bu xarakterdən xilas olub fərqli xarakter göstərmələridir. Özləriylə eyni pis əxlaqı göstərən insanların yanlarına getdikləri vaxt, olduqca aktiv və danışqan xarakter göstərərlər. Açılmaqda, təbii baxıb danışmaqda heç çətinlik çəkməzlər. Əsla ağlamalı ruh halları da olmaz. Əksinə həmişə gülən, şən, rahat, ünsiyyətcil (ekstrovert) rəftar içindədirlər. Allah bu insanların vəziyyətini Quranda belə bildirir:

Həqiqətən, “cinayət və günah işləyənlər”, bəzi iman gətirənlərə gülərdilər. Yanlarına çatdıqları zaman, bir-birlərinə qaş-göz edərdilər. Öz yaxınlarına qayıtdıqları zaman sevinclə qayıdardılar. (Mutaffifin surəsi, 29-31)

Lakin göstərdikləri bu səmimiyyətsiz əxlaq həm dünya həyatında, həm də axirətdə bu insanlar üçün böyük əzaba çevrilir.

 

 

Emosionallıqdan gizli mübarizə üsulu kimi istifadə edənlər öz tələlərinə özləri düşürlər

Bu hissənin əvvəlindən bəri qeyd edilənlər, emosionallıq və bunun özü ilə gətirdiyi davranış pozuntularının, şeytanın hiyləli üsullarından başqa bir şey olmadığını göstərir. Burada üzərində əhəmiyyətlə dayanılması lazım olan mövzu isə, şeytanın təsiriylə belə davranış göstərməyə başlayan insanların, bir müddət sonra, bu tələyə özlərinin düşdükləridir. Allah; "...Yer üzündə təkəbbürlənərək və pisliyi təşkil edərək. Halbuki hiyləli tələ təkcə öz sahibini qaplayar..." (Fatir surəsi, 43) ayəsi ilə bu mühüm həqiqətə işarə edir.
Şeytan, bu emosional ruh halını, nəzarət altına aldığı insanların bütün həyatlarına hakim etməyə başlayar. Artıq yalnız bir üsul kimi deyil, əsil ruh halları olaraq yaşadıqları emosionallıq, bu insanları, hər an şeytanın gizli səmimiyyətsizliklərinə və pisliklərinə qapılmağa açıq hala gətirər. Daha da əhəmiyyətlisi Quran əxlaqına tamamilə zidd düşüncə tərzi olan emosionallıq, yavaş-yavaş həqiqi imandan və Allahın razı olacağı əxlaqdan uzaqlaşmalarına səbəb olar. Əvvəllər üsul kimi sığındıqları ağlamalı hal, bu insanların həyatlarının böyük hissəsini əhatə edər. Qarşılaşdıqları hər hadisəni, eşitdikləri hər sözü emosional baxış prizması ilə qiymətləndirmələrindən ötrü tez-tez kədərlənib, hüznlü və içlərinə qapalı rəftar göstərərlər. Allah Quranda ağlamağın, insanların etdikləri pis hərəkətlərin, qurduqları məkrli planların cəzası olaraq həyatlarına hakim olduğunu belə bildirir:

Elə isə qazandıqlarının cəzası olaraq az gülüb çox ağlasınlar. (Tövbə surəsi, 82)

İnsanlar arasında bir cəza kimi qiymətləndirilməyən ağlama, əslində Allahın təvəkkül edə bilməyən, nəfslərini qurtarmaq naminə hiyləgər hərəkətlər planlaşdıran insanlara verdiyi çox mühüm qarşılıqdır. Çünki ağlayan bir insan hər şeydən əvvəl heç xoşbəxt deyil; olduqca bədbindir. Ümidsizliyə qapılmış, ağlı qapanmışdır. Doğrunu və yanlışı ayırd edə bilmir, özünə zərər verdiyini bilə-bilə belə ruh halı içində yaşayır. Allah qarşılıq olaraq bu insanların həyatına hüznü və kədəri hakim etmişdir. Dünyanın ən gözəl nemətləri belə sevinmələrinə kifayət etmir, gözəlliklərdən heç bir dad ala bilmir, təkcə öz problemlərini, dərdlərini düşünə bilirlər. Eləcə də, həlli əslində olduqca asan olan bu dərdlərinin əsla bitməyəcəyinə inanmış olmalarının gətirdiyi dərin kədər hissini yaşayırlar. Belə bir insan şeytana uyduğunu görür, onun özünə düşmən olduğunu, onu ziyana və oda sürüklədiyini anlayır, lakin ona müqavimət göstərəcək gücü özündə tapa bilmir. Bütün iradəsini və gücünü şeytana təslim etmiş kimidir.
Əslində, bütün bunlara istədiyi anda son qoymaq tamamilə öz əlindədir. Lakin Quranı özünə rəhbər tutmadığı, Allahın göstərdiyi yolla lazımınca getmədiyi üçün çıxış yolu tapa bilmir. Bu əxlaqını davam etdirdiyi təqdirdə axirətdə də özünü çox çətin bir həyatın gözlədiyini, yaşadığı bədbəxtliyin, hüzn və kədərin orada son həddə çatacağını, və şeytana müqavimət göstərmədiyi üçün sonsuza qədər çox böyük peşmançılıq içərisində yaşayacağını da bilir. Lakin vicdanın bütün bu xəbərdarlıqlarına baxmayaraq, Allah qorxusunun kifayət qədər güclü olmamasından ötrü bu ruh halından xilas olacaq gücü özündə tapa bilmir.
Səmimi olmağa qərar verib nəfsini müdafiə etməkdən imtina etmədiyi təqdirdə də Allahın razı olacağı əxlaqa nail ola bilməyəcək. Nəfsini qorumaq naminə asiliyi və üsyankarlığı gözə alması onu bədən və ruhi cəhətdən məhvə sürükləyəcək. Bu məhv, bir çox əlamətlə özünü göstərəcək. Əvvəllər üsul kimi işlətdiyi ağlama üsulu onu qaplayacaq, hər şeydən ötrü ağlayan, qeyri-sabit insana çevriləcək. Həmişə bədbin, neqativ, narahat həyatı olacaq, hər gününü yaşayacağı yeni kədərləri gözləyərək qorxu və hüzn içində keçirəcək. Əxlaqını, Quranda bildirilən gözəl əxlaq meyarları əsasında dəyişdirməkdə müqavimət göstərdikcə məhvin ölçülərinin arta biləcəyini bilərək yaşayacaq.
Halbuki bu vəziyyətdən xilas olmaq çox asandır. Allah Quranda əgər özlərinə verilən öyüdə əməl etsələr bu insanları dosdoğru yola və xeyirə yönəldəcəyini bildirmişdir:

...Onlar özlərinə verilən öyüdə əməl etsəydilər, şübhəsiz ki, bu, onlar üçün xeyirli və daha mükəmməl olardı. Biz də onlara, bu təqdirdə yanımızdan böyük mükafat verərdik. Həmçinin onları mütləq dosdoğru yola yönəldərdik. (Nisa surəsi, 66-68)